Paşinyanın Qarabağla bağlı danışıqlarının pərdəarxası: Bu "idiot"...

27-03-2019, 16:47
Baxılıb: 840
Cap et
Paşinyanın Qarabağla bağlı danışıqlarının pərdəarxası: Bu "idiot"...


Tanınmış politoloq, Heydər Əliyevin dövründə dövlət müşaviri işləmiş Qabil Hüseynlinin Sonxeber.az-a müsahibə verib. Politoloq müsahibədə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqları hərbi yolla azad etməsi imkanlarına münasibət bildirib.

- Qabil müəllim, Ermənistanın Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son açıqlamaları onun danışıqlardan yayınması kimi qiymətləndirilir. Necə fikirləşirsiniz, onu danışıqlar masasına oturtmağa məcbur etmək üçün Azərbaycan cəbhədə hansı addımlar ata bilər?

- Dağlıq Qarabağ bölgəsində döyüşlərin baş tutmasını istəməyənlər çoxdur, xüsusi ilə də Rusiya başda olmaqla bunu böyük dövlətlər istəmir. Hamı münaqişənin sülh yolu ilə nizamlanmasını təkid edir. Ermənistanın Baş naziri Nikol Paşinyan necə deyərlər ağzına gələni danışır, cəfəng, heç bir gerçəkliklə üst-üstə düşməyən fikirlər səsləndirir. Danışıqlar prosesini tamamilə mümkünsüz edən bəyanatlar səsləndirir. Belə olan halda düzgün maarifləndirməliyik, başa salmalıyıq ki, bu "idiot" danışıqlar prosesinin əleyhinə gedir. Vaxt udur, danışıqları uzadır və s… Ermənistanda keçirilən seçkilər zamanı Paşinyana vaxt verməyimiz də onu çox ərköyünləşdirdi. İndiki dövrdə belə görünür ki, nə danışıqlar prosesi bir nəticə verəndir, nə də dünya ictimai rəyinin Ermənistana xüsusən sülhə məcbur etməkdən ibarət olan təzyiqini təşkil etmək mümkündür. Buna görə də Azərbaycan ordusu ən azı heç olmasa Dağlıq Qarabağ ərazisində lokal xarakterli, blitskriq xarakterli əməliyyat keçirib dünyanın diqqətini proseslərə daha ciddi cəlb etməlidir. Digər tərəfdən Ermənistan tərəfinin Paşinyandan sonra əmələ gəlmiş saxta ruh yüksəkliyini sındırmaq üçün döyüşlərin aprel variantının yeni, daha miqyaslı, daha məzmunlu formada təkrar edilməsinə çox böyük ehtiyac yaranıb.

- Siyasi ekspertlər belə fikir səsləndirir ki, hazırda Azərbaycanın işğal olunmuş torpaqlarını geri qaytarması üçün unikal imkan yaranıb. Siz bu fikirlə razısınızmı?

- Əlbəttə ki, razıyam. Çünki Azərbaycanın ərazi bütövlüyünü tanıyanların, postsovet məkanında münaqişələrin ərazi bütövlüyü çərçivəsində həll edilməsini istəyənlərin sayı demək olar ki, ölçüyə gəlməyəcək dərəcədə artıb. Avropa İttifaqı, Avropa Şurası belə düşünür, NATO-nun yüksək zirvə toplantıları bununla bağlı qərar qəbul edir, Qoşulmama Hərəkatı ərazi bütövlüyünü dəstəkləyir. BMT başda olmaqla demək olar bütün beynəlxalq qurumlar və aparıcı dövlətlər münaqişənin ərazi bütövlüyü çərçivəsində həll edilməsi variantını dəstəkləyir.

- "Azərbaycan Qarabağda irimiqyaslı hərbi əməliyyat keçirərsə, böyük dövlətlər buna imkan verməyəcək və münaqişəyə müdaxilə edəcək". İllərdir bu fikir səsləndirilir. Sizin bu məsələdə mövqeyiniz nədən ibarətdir?

- Böyük dövlətlər deyəndə ABŞ-ı və NATO-ya üzv dövlətləri çıxmaq lazımdır. Ortada bir Rusiya amili qalır ki, bu amilin də təhlükəsini proqnozlaşdırmaq mümkündür. Çünki Rusiya Ermənistanla birlikdə qoşun birliyi yaradıb, üstəlik Rusiyanın Ermənistan ərazisində hərbi bazaları var, eləcə də Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Amma biz hərbi əməliyyatı öz ərazimizdə, dünya tərəfindən tanınmış ərazilərimiz çərçivəsində aparırıq. Rusiya əgər belə bir münaqişəyə burnunu soxarsa, əlbəttə ki, bu, müəyyən problemlər yarada, dünyanın Rusiyaya nifrətini qaldıra bilər. Bu, Azərbaycan-Rusiya münasibətlərinə xeyli zərbə vura bilər. Rusiyanın belə bir şey könlündən keçə bilər, lakin onu həyata keçirmək elə də asan məsələ deyil.

- Hazırda Azərbayvan-Rusiya münasibətləri demək olar yüksək səviyyədədir. Bakı Qarabağ münaqişəsində Rusiyanı öz tərəfinə çəkmək üçün hər şeyi edibmi?

- Lazım olan nə varsa etmişik, lakin Rusiya elə bir dövlətdir ki, barmağının beşini də şam eləsən, yenə də məmnun qalmayacaq. Rusiya I Pyotrun dövründən bu günədək erməniləri müdafiə edir, I Pyotrun vəsiyyətlərində erməni-xristian anklavının yaradılması tövsiyyə olunur. Bu tövsiyyələrə də riayət edilir. Amma bu gün Rusiya dünyaya meydan oxuyacaq gücə sahib deyil. Eyni zamanda Moskva Azərbaycanla münasibətləri qırmaq, zədələmək arzusunda deyil. Biz hələ ki irimiqyaslı müharibə haqqında düşünməməliyik. Lakin kiçik, blitskriq xarakterli əməliyyat keçirsək, məncə, heç kəs etiraz edə bilməz. Çünki torpaqlarımızın 20 faizi işğal altındadır. Orada 1 milyondan çox insan etnik təmizləməyə məruz qalıb, öz dogma yurdunda didərgin vəziyyətindədir. Azərbaycana müharibə nəticəsində 350 milyard dollardan çox ziyan dəyib. Dünya bunu dərk etməyi bacarmalıdır.
Reytinq: