Bərdədə məcburi köçkünlər qanbağışlama aksiyasında iştirak ediblər

14-03-2019, 12:51
Baxılıb: 240
Cap et
Bərdədə məcburi köçkünlər qanbağışlama aksiyasında iştirak ediblər
Ölkə vətəndaşlarının sağlamlığının qorunması dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindəndir. Bu siyasətə uyğun olaraq səhiyyə sistemi inkişaf etdirilir, yeni və müasir tibb ocaqları şəbəkəsi genişləndirilir. Prezident İlham Əliyevin tapşırığı ilə respublika əhalisi hər il kütləvi tibbi müayinədən keçirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların sağlamlıq problemlərinin həllinə böyük diqqət və qayğı göstərir.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, əhalinin bütün təbəqələri kimi, qaçqınların və məcburi köçkünlərin də dövlət səhiyyə müəssisələrinin xidmətindən hərtərəfli istifadə etmək imkanları var. Onlar üçün tikilib istifadəyə verilmiş qəsəbələrdə, yaşayış komplekslərində tibb məntəqələri də yaradılıb. Bundan başqa, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə müvəqqəti məskunlaşma yerlərində yaşayan məcburi köçkünlər birbaşa ixtisaslaşdırılmış tibbi müayinəyə cəlb olunurlar.

Dövlət Komitəsi məcburi köçkünlərin sağlamlığının qorunmasına önəm verdiyi kimi, onların özlərinin də humanitar aksiyalarda iştirakını dəstəkləyir. Bu ilin əvvəllərində komitədə vətən keşikçiləri - hərbçilər üçün qanbağışlama aksiyası keçirilib. Bərdə rayonu ərazisindəki 866 ailəlik yaşayış kompleksində belə bir aksiya təşkil olunub. Mərkəzi Qan Bankının Bərdə bölməsinin xüsusi tibb briqadasının həkim-hemotoloqları rayon mərkəzi xəstəxanasının tibb heyəti ilə birgə könüllü donorları müayinə etdikdən sonra onlardan qan nümunələri götürüblər. Toplanmış nümunələr irsi qan xəstəliklərindən əziyyət çəkən məcburi köçkünlərin müalicəsində istifadə ediləcək.

Bu cür aksiyalar Bərdə rayonunun məcburi köçkünlər yaşayan digər qəsəbələrində də keçiriləcək.
Reytinq: