Bakıda Azərbaycan könüllülərinin həmrəylik festivalı keçirilib

7-12-2018, 13:15
Baxılıb: 5960
Cap et
Bakıda Azərbaycan könüllülərinin həmrəylik festivalı keçirilibAzərbaycan Respublikası Gənclər Fondunun, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Gənclər və İdman nazirliklərinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə yüzlərlə gəncin və bütün könüllü təşkilatlarının təmsil olunduğu Azərbaycan könüllülərinin həmrəylik festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Konqres Mərkəzinin foyesində ölkəmizdə könüllülük hərəkatına dair stendlər quraşdırılıb, 70-dək şirkətin iştirakı ilə əmək yarmarkası təşkil olunub.

Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov festivalın açılışında çıxış edərək ölkəmizdə könüllülük hərəkatının inkişafı və təbliği istiqamətində görülən işlərdən danışıb. O, könüllü gənclərimizin beynəlxalq arenada qazandıqları uğurlardan və Azərbaycan dövlətinin, xüsusilə Prezident İlham Əliyevin könüllülük hərəkatına diqqət və qayğısından söhbət açıb.

Gənclərin Dünya Assambleyası beynəlxalq təşkilatının baş katibi Ediola Paşollari çıxışında Beynəlxalq Könüllülər Gününün tarixi barədə məlumat verib.

Rusiya Federasiyasının Milli Gənclər Şurasının sədri Qriqori Petuşkov Beynəlxalq Könüllülər Günü münasibətilə Azərbaycan gənclərinə təbriklərini çatdırıb.

Tədbirin gedişində “ASAN Könüllüləri”, “Formula 1 Könüllüləri” və “Bir Könüllüləri”nin nümayəndələri təmsil etdikləri hərəkatların fəaliyyəti barədə məlumat veriblər.

Sonra Azərbaycan Respublikası Gənclər Fondunun “Gənc könüllü” proqramının təqdimatı olub.

Rəsmi hissədən sonra festival işini “Tələbə və gənclərin könüllülük fəaliyyətinə cəlb edilməsi, Könüllülük hərəkatının inkişafı sahəsində real uğur nümunələri”, “İnklüziv könüllülük - könüllülüyü ictimaiyyətə necə açıq etmək olar?” və “Könüllülük sahəsində beynəlxalq təcrübə və standartlar” mövzularında paralel sessiyalarla davam etdirib.

Festival çərçivəsində, həmçinin Bakı Konqres Mərkəzinin foyesində oyun, əyləncə və intellektual zonalar yaradılıb, gənclər arasında müxtəlif maraqlı oyunlar və müsabiqələr keçirilib, fərqlənənlər qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Panel müzakirələrdə fəal iştirak edən və təşkilatlar tərəfindən namizədliyi irəli sürülmüş könüllülər sertifikatlarla təltif olunublar.

Festival çərçivəsində, həmçinin il ərzində yüksək fəallıq göstərən 100 gənc üçün ikigünlük qış düşərgəsi təşkil ediləcək.
Reytinq: