Monteneqro kitabxanasına Azərbaycanla bağlı kitablar hədiyyə edilib

9-02-2019, 13:01
Baxılıb: 360
Cap et
Monteneqro kitabxanasına Azərbaycanla bağlı kitablar hədiyyə edilib
Azərbaycan–Monteneqro Mədəni və İqtisadi Mərkəzinin direktoru Seyran Mirzəzadə Monteneqronun tarixi paytaxtı Çetinye şəhərindəki 151 illik “Nyegoş” (“Njegoš”) kitabxanasını ziyarət edib.

Kitabxanaya Nizami Gəncəvinin əsərlərinin tam külliyyatı (“Xəmsə” və “Lirika”), Monteneqro dilinə tərcümə edilmiş Hüseynbala Mirələmovun və Viktor Andriyanovun müəllifləri olduğu “Görkəmli insanların həyatı” silsiləsindən “Heydər Əliyev” kitabı, Kamal Abdullanın “Nepotpuni rukopis” (“Yarımçıq əlyazma”) və Azərbaycan uşaq şeirlərindən ibarət “İzvor Radosti” (“Sevinc Qaynağı”) kitabları hədiyyə edilib.

Kitabxananın direktoru İrena Nenadoviç dəyərli hədiyyələrə görə təşəkkürünü bildirib və Azərbaycanla mədəniyyət sahəsində, xüsusilə kitabxanalar arasında əməkdaşlığın yaradılmasında maraqlı olduqlarını söyləyib. O vurğulayıb ki, Monteneqro dilinə tərcümə edilmiş kitablar oxucuların Azərbaycan haqqında daha geniş məlumat əldə etməsinə imkan yaradacaq.

Sonda Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinin kitabxananı ölkəmiz haqqında müxtəlif dillərə tərcümə olunmuş kitablarla mütəmadi olaraq təmin etməsi qərara alınıb.
Reytinq: