Badamdar sakinləri “Açıq mikrofon”a dəvət olunublar

14-03-2019, 12:54
Baxılıb: 180
Cap et
Badamdar sakinləri “Açıq mikrofon”a dəvət olunublar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq, Səbail rayonunun Badamdar qəsəbəsində şəhid Cəmil Hasilovun adını daşıyan küçədəki 109, 109a, 110, 111, 113, 115, 117, 119 saylı binaların və Badamdar yolu, 95, 97, 99, 101, 105, 107 saylı binaların həyətlərində yeni istifadəyə verilmiş “Abad həyət”də Səbail Rayon İcra Hakimiyyəti başçısının sakinlərlə “Açıq mikrofon” formatında görüşü keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə qəsəbə sakinləri ilə yanaşı, rayonun bütün xidmət sahələrinin, qəsəbədəki idarə və müəssisə rəhbərləri, ağsaqqallar, veteranlar, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sakinlərin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə təşkil olunan görüşdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov Prezident İlham Əliyev tərəfindən əhalinin sosial təminatının gücləndirilməsi, həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində imzalanan yeni fərman və sərəncamlar barədə məlumat verib. Bildirib ki, dövlətimizin başçısının həyata keçirdiyi sosial siyasətin, bu istiqamətdə atılan hər bir addımın təməlində vətəndaş amili dayanır.

Eyni zamanda, Səbail rayonunda və onun sürətlə inkişaf edən Badamdar qəsəbəsində həyata keçirilən sosial layihələrdən və görülən digər işlərdən danışılıb.

Müraciətlər əsasən su və kanalizasiya xətləri, məhəllədaxili yolların işıqlandırılması, sahibsiz heyvanların küçələrdən yığışdırılması, fərdi evlərin sənədləşdirilməsi və s. ilə bağlı olub.

Görüşdə 20-dən çox sakin çıxış edib, onları narahat edən məsələlər dinlənilib və həll edilməsi üçün yerindəcə tapşırıqlar verilib.

Sakinlərin böyük fəallığı ilə keçən görüşdə çıxış edən qəsəbə sakinləri Səbail rayonunda, eyni zamanda, Badamdar qəsəbəsində görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib, dövlətimizin başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstək ifadə ediblər.
Reytinq: